“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şkendiya” ilə oyunundan gözləntisini paylaşıb.
Arena.az xəbər verir ki, Şimali Makedoniya və Azərbaycan çempionları arasındakı ilk qarşılaşma sabah “Şkendiya”nın meydanında keçiriləcək.
Bu gün isə oyundan öncə ənənəvi mətbuat konfransları təşkil olunub. Qurban Qurbanov səfər matçından öncə jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Çox vacib oyuna çıxırıq. İlk matçın səfərdə olması rəqib üçün üstünlükdür. Çünki iki vacib qələbədən sonra bizi qəbul edəcəklər. Çox yaxşı komandaya qalib gəliblər. Çox istəkli komandaya qarşı oynayacağıq. Komandamız oyuna tam hazırdır. Sabah rəqibə qarşı sona qədər idmançı xarakterimizi göstərməliyik. “Şkendiya” çox istəkli və bərk komandadır. Çalışacağıq ki, yaxşı nəticə ilə geri qayıdaq”.
Qurban Qurbanov “Şkendiya”nın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Rumıniya çempionu “Styaua”ya qarşı keçirdiyi oyunlardan da söhbət açıb:
“Bəli, hər iki oyunu izləmişəm. Amma burada bu haqda danışmağa ehtiyac yoxdur. Çünki hər bir komandada güclü və zəif tərəflər olur. Sadəcə, çalışıb öz oyunumuzu qurmalıyıq. Rəqibə imkan verməməliyik ki, öz oyununu meydanda göstərsin. 90 dəqiqə maksimum diqqətli olmalıyıq”.
Qurbanov ÇL-in pley-off mərhələsindəki potensial rəqiblərindən də söhbət açıb:
“Qalib də gəlsək, məğlub da olsaq, rəqibimiz “Ferentsvaroş”la “Ludoqorets”dən biri olacaq. Bu komandaların hər ikisinə qarşı oynamışıq. Ciddi komandalardır. Çempionlar Liqasında və ya Avropa Liqasında oynamağımızdan asılı olmayaraq, maraqlı matçlar olacaq. Çünki bir-birini tanıyan rəqiblər qarşılaşacaqlar”.


