Rəhim Sadıxov Premyer Liqada 200-ə çatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turu “Turan Tovuz”un yarımmüdafiəçisi Rəhim Sadıxov üçün yubileylə əlamətdar olub.

Arena.az xəbər verir ki, o, sözügedən turnirdə 200-cü matçına çıxıb.

“Karvan-Yevlax”la qarşılaşmanı (1:0) əvəz olunmadan keçirən Rəhim 200 oyunda 31 qola imza atıb.

Debütü 2019/2020-ci illər mövsümünə təsadüf etmiş yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında 3 klubun formasını geyinib. O, “Sumqayıt”da 82 (17 qol), “Zirə”də 70 (10 qol), “Turan Tovuz”da 48 (4 qol) görüşə çıxıb.

Sol vinger olan Rəhim Sadıxov Moskva “Spartak”ının yetirməsidir. Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo”nun da şərəfini qorumuş Rəhim Azərbaycana 2019-cu ildə “Sumqayıt” tərəfindən gətirilib. O, 2022-ci ildə “Sumqayıt”dan ayrılaraq “Zirə”yə keçsə də, 2024-cü ilin iyulunda yenidən “Sumqayıt”a qayıdıb. Sadıxov “Sumqayıt”ın heyətində 98 oyunda 21 qol, 14 məhsuldar ötürmə müəllifi olub. Onun “Zirə” karyerası isə 81 oyun, 12 qol və 12 assistdən ibarətdir.

Rəhim 2025-ci ilin əvvəlindən “Turan Tovuz”da çıxış edir. 29 yaşlı futbolçu Tovuz klubunun heyətində 54 oyun keçirib, 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Rəhim Sadıxov Azərbaycanın U-17 və U-19 yığmalarında da oynayıb. O, 2020-ci ilin sentyabr ayında debüt etdiyi əsas milli komandamızın heyətində 11 oyunda meydana çıxıb, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: