Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəhim Sadıxov “Zirə” ilə anlaşıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
“Sumqayıt”la yollarını ayıran 25 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Rəhim Sadıxov 2019-cu ilin sentyabrından “Sumqayıt”da çıxış edirdi. Rusiyada anadan olmuş futbolçu elə həmin dövrdə milliləşdirilərək Azərbaycan yığmasına da çağırılmağa başlayıb.
Yarımmüdafiəçi “Sumqayıt”dan əvvəl Rusiyanın “Solyaris” (Moskva) və “Torpedo” (Moskva) komandalarında çıxış edib.
Azərbaycanı bu mövsüm Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” Sadıxovdan öncə Mirsahib Abbasov və Slavik Alxasovu da heyətinə qatmışdı. Klub öz futbolçularından Qismət Alıyev, İlkin Muradov, Ruslan Abışov, Anar Nəzirov və Hacıağa Hacılı ilə də yeni müqavilə bağlayıb. Əvəzində Brayan Alseus, Ağabala Ramazanov və Davit Volkovla yollar ayrılıb.
“Zirə”nin yeni transferi klubun mətbuat xidmətinə açıqlama verib. Sadıxov bunları söyləyib:
“Zirə” ilə müqavilə bağladığıma görə şadam. Qarşıda bizi çox məsul oyunlar gözləyir. Əlimdən gələni edəcəm ki, həm özüm, həm də komandam uğur qazansın və daha yaxşı nəticələr əldə edək”.


