Bu yay “Zirə”dən azad agent kimi ayrılmış yarımmüdafiəçi Rəhim Sadıxov bundan sonra “Sumqayıt”da forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2024/2025 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb. Sözügedən klub son mövsümü “Zirə”də keçirən Rəhim Sadıxovla 2+1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Rəhim Sadıxov 2019-2022-ci illər arasında da “Sumqayıt”ın uğurları üçün çalışıb. 27 yaşlı yarımmüdafiəçi bu müddət ərzində bütün turnirlər daxil olmaqla 79 qarşılaşmada meydana çıxıb. O, bu oyunlarda 19 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Sadıxov 2022-ci ilin iyul ayından “Zirə”də oynayırdı. Yarımmüdafiəçi bu komandanın heyətində 81 oyuna çıxıb, 12 qol və 12 məhsuldar ötürmə müəllifi olub.
Rəhim daha öncə Rusiyada “Torpedo” (Moskva), “Solyaris” (Moskva) kimi klublarda da oynayıb.
Azərbaycanı bu yay Avropa Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso və Oktavio Manteka ilə də yollarını ayırdığını açıqlamışdı.


