Rəşad Sadıqov: “Avroliqa öncəsi mütləq şəkildə güclənməliyik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 2023/2024 mövsümünün “Qarabağ”a qarşı keçirdikləri final oyununu şərh edib.

Arena.az xəbər verir ki, qəsəbə klubunun çalışdırıcısı 1:2 hesabıyla uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik etmək istəyirəm. İlk yarıda meydanda taktiki savaş getdi. Son zamanlar “Qarabağ” ilk yaxaladığı epizodu qola çevirir. Bu gün də belə oldu. İlk təhlükəli epizodları qolla nəticələndi. İkinci yarıda hücumameyilli oynadıq, rəqibə təzyiq edirdik. İkinci hissədə açıq futbol getdi. Azarkeşlər xüsusən ikinci hissədən zövq aldılar. Doğru yanaşsaq, bu oyun bizə çox kömək olacaq. 40 gündən sonra bu səviyyəyə yaxın komanda ilə oynayacağıq. Orada da bu istək, eyni ustalıq, iradəyə ehtiyacımız olacaq. Futbolçularım da bu oyunu yaxşı analiz etməlidirlər. Titul olanda “Qarabağ” kimi rəqiblər maksimumu edir. Oyunçularım layiqli mübarizə apardılar. Oyunu əlavə dəqiqələrə apara bilərdik. Futbolçularımla fəxr edirəm.

İlk yarıda rəqibə qarşı etibarlı oynamaq istəyirdik. “Qarabağ” kimi komandalar qol vurduqdan sonra rahatlaşıb, daha özünəinamlı oynayırlar. Biz də ikinci yarıda hücum potensialını artırmağı düşünürdük. “Qarabağ”ı mərkəzdə qarşılayıb, aqressiv oynayaraq, rəqibə oynamağa imkan vermək istəmirdik. Rəqibin 43-cü dəqiqədə qol vurubsa, demək ki, planımız işlədi. Qapımıza zərbə vurmaqda çətinlik çəkirdilər. Bu gün əsas heyətdə olmayan futbolçularla da danışmışdıq ki, 60-cı dəqiqədən hücumameyilli oyunçuları meydana buraxacağıq”.

Rəşad Sadıqov Avropa Liqası öncəsi planlarından da söz açıb:

“Hər bir komandanın mövsümün əvvəlində yenilənməyə, güclənməyə ehtiyacı var. Seleksiya aparırıq. Çalışacağıq ki, heyətimizi gücləndirək. İndi seçim etmək üçün qıtlıqdır. Mütləq şəkildə güclənməliyik. Necə olacağını zaman göstərəcək”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: