“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunda “Qarabağ”a qarşı keçirəcəkləri final matçından öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, qəsəbə təmsilçisinin çalışdırıcısı bu gün oyundan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Mövsümün son oyunudur. Kubokun finalına hazırlıq həmişə yaxşı olur, bayram əhval-ruhiyyəsi yaşanır. Biz də bayramın bir parçası olacağıq. Böyük ajiotaj var. Biletler satılıb, azarkeşlər oyuna böyük maraq göstərirlər. Bu da matçın daha da maraqlı keçməsinə səbəb olacaq. İki il əvvəl də finalda oynamışdıq. Onda da maraqlı, gərgin mübarizə getmişdi. Sonda “Qarabağ” penaltilərdə daha dəqiq olub qalib gəldi. İstəyərdik ki, eyni ab-hava bu görüşdə də olsun. Başa düşürük ki, “Qarabağ” ciddi rəqibdir. Keçən il olduğu kimi, bu mövsüm də avrokuboklarda 1/8 finala qədər irəliləyiblər. Öz bacarığımızı, oyunumuzu nümayiş etdirmək istəyirik ki, sonda sevinən tərəf olaq. Oyundan qabaq danışmaq həmişə çətindir. Bütün fikrimiz final matçındadır. Çalışacağıq ki, rəqibə layiqli müqavimət göstərək, gərgin oyun getsin. Finalda hər şey ola bilər. Sabah necə olacaq, proqnoz vermək çətindir. Uğurlu nəticə ilə ayrıla bilərik. Finaldan həzz almağa çalışacağıq”.
Rəşad Sadıqov heyətlə bağlı problemlərdən də söhbət açıb: “Rüstəm Əhmədzadə, Məqsəd İsayev, Cibrilla İsanın uzun müddət zədəsi olub, tam formalarını bərpa etməlidirlər. Hər üçünün də formada olmasına ehtiyacımız var. Futbol zədəsiz, cəzasız olmur. “Qarabağ”ın da itkiləri var. İtkilər o qədər də önəm kəsb etməyəcək”.


