“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının pley-off mərhələsində “Omoniya”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan klubu Kipr təmsilçisinə 0:6 hesabı ilə məğlub olduqları səfər matçından sonra bunları dilə gətirib:
“Oyunu şərh etmək çətindir. Futbolda belə oyunlar olur: rəqibdə hər şey alınır, səndə heç nə alınmır. Matçın startından bu ssenari getdi. Rəqib cərimə zərbəsini dəqiq yerinə yetirdi. Sonra gözlənilməz penalti, ilk hissənin son dəqiqələrində buraxdığımız qol… Artıq bundan sonra oyunu dəyişmək çətin idi. 6 qoldan 4-ü standart vəziyyətlərdən vurulub. Yenə deyirəm, bu gün rəqibdə hər şey alınırdı, bizdə isə əkinsə, heç nə alınmadı”.
Rəşad Sadıqov azarkeş təzyiqinin komandasının oyununa təsiri barədə suala da cavab verib:
“Bu gün “Omoniya”nın azarkeşləri qələbədə böyük pay sahibi oldular. Bu, bizim üzərimizdə müəyyən basqı yaradırdı. Əslində, ilk dəqiqələrdə bunun öhdəsindən gəlirdik. Bundan sonra gözlənilən o idi ki, oyun bərabərləşəcək. Cərimə zərbəsindən sonra rəqib daha inamlı oynamağa başladı. Azarkeşlər daha çox dəstək olmağa başladılar. Basqının qarşısında bugünkü oyunla dayana bilməzdik. Əvvəlki matçlarda bu cür azarkeş dəstəyinə qarşı oynamamışdıq. Səviyyə olaraq “Omoniya”nı “Osiyek”lə eyni tutardım. Bəlkə “Omoniya” hücumda daha sürətli idi. Bu gün hər şey rəqib üçün uğurlu oldu. Bizim üçün isə tam əksini demək olar. Belə olan halda bu cür acınacaqlı məğlubiyyətlər qaçılmaz olur”.
“Zirə”yə nəfəs almağa imkan vermədik”
“Omoniya”nın baş məşqçisi Valdas Dambrauskas da matçdan sonra düşüncələrini paylaşıb. 47 yaşlı mütəxəssis 6:0 hesabı ilə qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:
“Fantastik qələbə münasibəti ilə hər kəsi təbrik edirəm. Əla oyun göstərdik. Rəqibimiz yaxşı komanda idi. Onlar da pressinq edirdilər. Qələbəyə görə çox şadam. Gələn həftə pley-off mərhələsini uğurla başa vurmaq və ölkə çempionatının oyununa köklənmək istəyirik. Azarkeşlərimizin möhtəşəm dəstəyi bizə əlavə ruh verdi. Stadionda inanılmaz atmosfer var idi. Futbolçularım çox yaxşı iş bacardılar. İlk 30 dəqiqədən sonra rəqibə nəfəs almağa imkan vermədik. Onları cərimə meydançamızdan uzaqda saxladıq”.
Qeyd edək ki, “Zirə” ilə “Omoniya” arasındakı cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.


