“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 41 yaşlı mütəxəssis 0:0 hesabıyla başa çatmış oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Hər iki komanda son saniyələrə qədər qələbə qazanmaq üçün çalışdı. Oyunun ədalətli nəticəsi bərabərlik idi. Meydanda müasir futbol gedirdi. Belə oyunlar çempionatımızın keyfiyyətini artıracaq. Buna əminəm. Futbolçularıma apardıqları mübarizəyə görə təşəkkür edirəm. Qarşıda biri-birindən maraqlı oyunlar var. Hər biri çox önəmlidir. Getdikcə gərginlik artır. Bu, futbolçularda da, azarkeşlərdə də hiss olunur. Əlimizdən gələni edəcəyik ki, sonda sevinən tərəf biz olaq.
“Sumqayıt” çox yaxşı formadadır. Hazırda bu komanda əsas rəqiblərimizdən biridir. Bu heç-heçə şəxsi oyunlarda da bizə üstünlük verdi. Aramızdakı 2 xallıq fərqi qoruya bildik. Ən azı 1 heç-heçə limitimiz var. 2 xal itirdiyimizi desəm, ədalətsizlik olar. Düşünürəm ki, bu gün səfərdə 1 xal qazandıq.
Hədəfimiz Avropa Konfrans Liqasına vəsiqə qazanmaqdır. Medallar uğrunda mübarizə aparmaq imkanı varsa, niyə də olmasın?! Hər komanda bunu istəyir. Bizim də şansımız var. Sona qədər mübarizə aparacağıq”.
“Vəzifə xəstəsi deyiləm”
Rəşad Sadıqov son günlərdə adının “Neftçi” ilə hallanmasına da münasibət bildirib:
“Ağ və qara mənim sevimli rənglərimdəndir. Bunu hamı bilir. Geyimlərimdə də bu rənglərə üstünlük verirəm. Hər məşqçi “Neftçi”də, “Qarabağ”da, milli komandada çalışmağı istəyər. Əminəm ki, bütün gənc məşqçilərin belə hədəfi var. Karyeramın yarısı “Neftçi”də keçib. Böyük futbolda ilk addımlarımı orada atmışam. Daha sonra karyeramın vacib hissəsini “Qarabağ”da keçirmişəm. 17 il də millidə oynamışam. Bu üç komandanın hər biri mənim üçün dəyərlidir. İnanıram ki, hər iki klubun azarkeşləri məni anlayışla qarşılayar. Sabah “Qarabağ”da da, “Neftçi”də də məşqçi ola bilərəm. Bəlkə heç birində məşqçi olmayacağam.
Əsas istəyim ölkə xaricində məşqçilik etməkdir. Sabah nə baş verəcəyini bilmirəm. Mənə heç bir təklif olmayıb. Bütün fikrimi “Zirə”yə yönəltmişəm. Çempionat gərgin keçir. “Neftçi” rəhbərliyi də belə bir vaxtda hansısa məşqçiyə təklif göndərməz. Bu, şaiyədir. Aramızda heç bir söhbət yoxdur. Futbolçu vaxtı həmişə böyük komandalarda oynamağa tələsirdim, məşqçi kimi fərqlidir. Məşqçiyə yetişmək üçün zaman lazımdır. Xeyir verə biləcəyəmsə, o təklifi qəbul edərəm. Xeyir verməyəcəyəmsə, işləməyəcəyəm. Sabah görsəm ki, “Zirə”yə xeyir vermirəm, gedəcəyəm. Bu gün gecəmi-gündüzümü işimə həsr edirəm. Şəxsi həyatım o qədər də önəmli deyil. İki illik müqavilə bağlamışam. Amma rəhbərliklə söhbətim olub ki, mövsümün sonunda təhlil edək. Həqiqətən komandaya xeyrim varsa, yola davam edəcəyik. Mən vəzifə xəstəsi deyiləm”.
Samir Abasov: “Mənə verilən sarı vərəqə yersiz idi”
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə qolsuz heç-heçəyə belə şərh verib:
“Komanda pis oynamadı, turnir cədvəlindəki yeri pis deyil. Bu gün azarkeşləri üzəcək bir şey etdiyimizi düşünmürəm. Oyunda gərginlik var idi, hücumlar edirdik. Azarkeşlər pis günümüzdə də yanımızda olmalıdır.
Hakimlə meydanda olan epizodlara görə mübahisə etdim. Sarı vərəqələr məni də dilə gətirəcək. Referilərə qarşı mülayim davranmışam. Bilmirəm, mütlıq sarı vərəqə verilməlidir deyə qanun qoyulub, yoxsa necədir. Bu gün mənə verilən sarı vərəqə yersiz idi”.


