“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Emosional oyun alındı. Güclü rəqibə qarşı oynayırdıq. Qarşımızda matça aqressiv başlayan rəqib var idi. İlk yarıda daha çox müdafiə olunurduq, rəqib hücumlar qururdu. Çoxsaylı standart vəziyyətlər oldu. Dönən toplar, zərbələr komanda üzərində basqı yaratdı. İlk hissənin sonunda rəqib emosional addım atdı və qırmızı vərəqə qeydə alındı. Bundan sonra say üstünlüyümüz yarandı. İkinci hissədə komandamız say üstünlüyündən yaxşı istifadə etdi. Aydın məsələdir ki, 10 nəfərlə 11 futbolçuya qarşı oynamaq daha çətindir. Şükürlər olsun ki, ondan istifadə edərək sonda çox vacib üç xal qazandıq. Futbolçularımı təbrik edirəm. Hesabın bərabərə bitməsi də mümkün idi. Lakin son dəqiqədə fərqləndik. “Sabah”la səfər oyunundan üç xal götürmək ekstra qazanılan xallardır. Bu, bizi çox sevindirir. Artıq önümüzdəki matçlara baxacağıq.
24 xal qazanmışıq, amma geriyə boylananda rəqiblərin yaxında olduğunu görürük. Biz bu dəqiqə liderliyə və ya birinci pilləyə köklənməmişik. Hər oyuna xal və ya xallar qazanmaq üçün çıxırıq. Oyunun harada olmasından, rəqibin kimliyindən də çox şey asılıdır. “Sabah”la oyunda bir xal da qazansaydıq, bizim üçün yaxşı nəticə sayılacaqdı. Təbii ki, say üstünlüyü olduğundan üç xal qazanmağa çalışdıq və istəyimizə çatdıq. Amma dünən “Qarabağ” qalib gəlmişdi deyə, bu gün biz mütləq qalib gəlməliydik fikirləri absurd olardı. Özü də, “Sabah”la oynayırdıq. Bu, komanda üzərində əlavə yük və stress deməkdir. Sırf matça köklənmişdik. Bilirdik ki, “Sabah” böyük istəklə oynayacaq. Aramızda 8 xal fərq var. Son matçda da yaxşı oynayaraq “Neftçi” üzərində qələbə qazanmışdılar. Hər halda, biz sonda qolumuzu vurub üç xalı qazanmağı bacardıq”.
“Hakimlər “Sabah”a qarşı qərəzlidirlər”
“Sabah”ın məşqçisi Artur Olenin isə məğlub olduqları oyundan sonra daha çox hakimlikdən şikayətlənib:
“Bu cür oyuna şərh vermək çətindir. İndiyəqədərki ən yaxşı birinci hissəmizi keçirdik. Amma hər şeyi hakim korladı. Namiq Ələsgərovu dirsəklə vururlar, hakim heç buna fikir vermir, görmür. Emmanuel Apehin sifətindən vurdular, yenə görmədi. Maruan Hadudi təmiz topa oynayır, onu vururlar, yenə görmür. Niyə hakimlər “Sabah”a qarşı bu qədər qərəzlidir? Məncə, hakimlik bu gün bizə qarşı qərəzli idi. Futbolçularıma təşəkkür edə bilərəm. Onlar 10 nəfərlə mübarizə apardılar, epizodlar da yaratdılar. Rəqibə və hakimə qarşı mübarizə apardıq. Bu gün hakimlik, sadəcə, bərbad idi”.


