Rəşad Sadıqov: “Rotasiyalar etməyə məcburam”

Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı komandaya qarşı oynadıq. “Səbail” böyük hesabla uduzanda da, sonadək mübarizə aparan komandadır. Oyun nəzarətimizdə idi. İlk hissə həm oyun, həm nəticə baxımından daha yaxşı alındı. Fasilədən sonra fərqi artırmaq istəyirdik. Qol imkanlarımız da var idi. Amma son dəqiqələrdə səhvə yol verdik. Bütövlükdə, nə lazımdırsa, onu da etməyə çalışdıq. Yaxşı oyunlarımızdan birini keçirdik”.

Sadıqov oyunçuların böyük stress altında olduğunu söyləyib: “Bu, bütün komandalarda hiss olunur. Ramazan ayıdır, oruc tutan futbolçularımız çoxdur. Bu, onların fiziki formasına təsir edir. 2:0 sürüşkən hesabdır, fərqi artırmaq istəyirdik. Amma oyun elə getdi ki, sona qədər heç kimə istirahət verə bilmədik. Coşqun Diniyev vərəqə limitindədir, onu bir az qoruya bildik. Bəzən verdiyimiz qərarlar qeyri-standart olur. Futbolçunun mövcud durumunu bilmək çətindir. Düz bildiklərimizi etməyə çalışacağıq. Rahatlaşmaq fikri yox idi. Qol imkanlarımız oldu, hətta qol da vurduq, oyundankənar vəziyyətə görə sayılmadı. Şükürlər olsun, qəza baş vermədən vacib oyunda qələbə qazandıq”.

“Elə şeylər var ki, açıqlaya bilmirəm”

Rəşad Sadıqov Davit Volkovun fərqlənə bilməməsinə də toxunub: “Bu gün rotasiyalar etmişdik. Çempionat boyu buna gedirik. Volkov aparıcı futbolçularımızdandır. Həmişə qol vurmaq olmur. Hücumçuları nəzərə alsaq, çempionatda bütün hücumçular maksimum bu qədər qol vurub. 4 oyundan 3-nü səfərdə keçirmişik və yetərincə qol imkanı yaratmışıq. Bu da futbolun bir hissəsidir. Əsas odur ki, oyun planında problem olmasın. Son oyunlarda komanda yaxşı çıxış edib. Bu gün də göstərilən futbol həmin oyunların davamı idi. Nəticə çox vaxt oyun göstəricisi olmur. Ən əsas futbolçuların performansına diqqət edirəm”.

Mütəxəssis Təmkin Xəlilzadəyə istirahət verməsinin səbəbini açıqlayıb: “4-5 gündən bir oyuna çıxırıq. Elə şeylər var ki, açıqlaya bilmirəm. Çünki rəqiblərə məlumat vermiş oluram. Hər futbolçu mənim üçün aparıcıdır. Rotasiyalar daha çox olacaq. Sıx qrafikdə rotasiyalar etməyə məcburam”.

Rəşad Sadıqov hədəflərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu diqqətə çatdırıb: “Hər hansı planımız yoxdur. İdman elə bir şeydir ki, nəyəsə proqnoz vermək mümkün deyil. Mövsümdən öncə hədəf avrokubok idi. İndi şans varsa, daha artığını istəyə bilərik. Gedişatdan çox şey asılıdır. İlk hədəfimiz avrokuboklara düşməkdir. Necə olmasının fərqi yoxdur. Bəlkə avrokuboklardan da kənar qalacağıq. Nə olacağını hələ bilmirik”.

“Gənclər üçün belə oyunlar qiymətsizdir”

Səbail”in baş məşqçisi Aftandil Hacıyev isə məğlub olduqları matçı belə şərh edib:

“Çox maraqlı oyuna şahidlik etdik. Hər iki komandanın iştirakı ilə çoxlu hücumlar oldu. Son dəqiqələr həyacanlı alındı. Fasilədən sonra öz oyunumuzu tapa bildik. İki yaxşı qol epizodumuz var idi. Onlar qol olsa idi, oyunun məcrası dəyişərdi. Rəqibin fərdi ustalığı yüksək olan Hamidu Keyta kimi oyunçusu yaxşı epizodlara girib, qollar vurdu. İkinci hissədə üstün oynadıq. Amma rəqibin də sürətli futbolçuları var. Qolumuz çox gec gəldi. 70-ci dəqiqələrdə olsaydı, oyunun taleyi dəyişə bilərdi, xal qazanmağımız mümkün olardı.

Bu gün futbolçularımdan razı qaldım. Topla daha səliqəli oynamalıydıq. Gənc oyunçularımızda ustalıq çatışmır. Rəqiblə bu fərq sezilirdi. Xal qazanmasaq da, gənclər üçün belə oyunlar qiymətsizdir. Çempionatın sonuna 5 tur qalır. Bu oyunumuzun davamını gətirib, xallar qazanmaq istəyirik. Mövqeyimiz bizi qane etmir. Oyunumuzdan isə razıyıq. Amma nəticə də istəyirik. “Zirə” vacib qələbə qazandı. Rəqibi təbrik edir, Rəşad Sadıqova uğurlar arzulayıram”.

Aftandil Hacıyev Rahid Əmirquliyevin son vaxtlar az oynamasına da münasibət bildirib: “Bir az dəyişikliklər etmək istəyirik. Son oyunda qələbə qazanmışdıq, heyətdə böyük dəyişiklik etmək istəmədik. Rahid kapitanımızdır, meydanda olmasa da, dəstəyini göstərir. Gənclərə də şans vermək lazımdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: