“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Ağır səfər matçından sonra hər iki komanda sona qədər əzmkar mübarizə apardı. “Sabah” da qələbə qazana bilərdi. Sadəcə biz epizodlardan daha yaxşı yararlandıq və qalib gəldik. Hər iki komandada yorğunluq var idi. Amma futbolçular əzmkarlıq göstərdilər. “Sabah”a qarşı səfərdə oynamaq çox çətindir. Biz hesabda irəli çıxdıqdan sonra rəqib böyük qüvvə ilə irəli atıldı. “Sabah”ın müdafiəsində boşluqlar axtarırdıq.
Biz məşqçilər heç vaxt kifayətlənmirik. Daim daha yaxşı olmağa, inkişaf etməyə çalışırıq. Mən şikayət edə bilmərəm, qələbələr qazanmışıq. Amma daha yaxşısı üçün çalışmalıyıq. Ən yaxşısını edəcəyik. Əlimizdə kifayət qədər yaxşı futbolçular var. Kollektivimdən razıyam. Mənim üçün futbolçunun çalışqan olması ən vacibidir. Mehribanlıq da həmçinin. Bunu da etmişik”.
Rəşad Sadıqov Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Osiyek” komandası ilə cavab oyunundan və rəqibin heyətindək erməni futbolçunun Bakıya mümkün gəlişindən də söz açıb:
“Qarşıda bizi Konfrans Liqasının vacib matçı gözləyir. Hər iki komandanın şansları bərabərdir. Artıq bu oyuna köklənməliyik. Əvvəllər ermənilərlə hər qarşılaşmadan öncə gərgin olurduq. Bu gün hansısa gərginliyə ehtiyac yoxdur. Biz qalibik. Bəlkə onlar bizimlə qarşılaşanda, aqressiyaları olsun. Əvvəl rəqibin heyətində erməni olanda, düşünürdüm ki, qol vurmasın. Böyük zəfərdən sonra məndə elə hiss də qalmayıb. Futbolçularıma da hansısa xüsusi tapşırıq verməmişdim. Komandasının aparıcı oyunçusudur. Sırf oyuna köklənməliyik. Həqiqətən önəmli oyuna çıxacağıq”.
Renduliç “Zirə”nin qələbəsini layiqli hesab edir
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Rəqibi təbrik etmək istəyirəm. Onlar bu gün qalibiyyətə layiq idilər. Oyunçularıma da nəsə deyə bilmərəm. Onların bu gün yanaşması çox yaxşı idi. Ancaq təəssüf ki, bundan heç nə əldə edə bilmədik.
“Zirə” çətin komandadır. Bunu uşaqlara demişdim. Keçənilki matça bənzədi. Oyuna nəzarət bizdə idi. Sadəcə, penalti hər şeyi dəyişdi və biz uduzduq.
Ötən mövsümü biz üçüncü yerdə bitirərkən heç kim demirdi ki, mükəmməl oynadılar. Əsasən də jurnalistlər. Demək olar ki, keçənilki və indiki oyunçular eynidir. Uduzarkən demirdim ki, bərbad oynayırıq. Bəzən yaxşı vəziyyətdə olursan, bəzən pis. Ola bilər ki, bəzi problemlərimiz var. Amma bunu üzə çıxarmağı sevmirəm. “Sent-Patriks Atletik”ə qarşı 45 dəqiqə 10 nəfərlə oynadıq, 0:1 uduzduq. Lakin heç nə itirilməyib. Cavab oyununda ən böyük problem İvan Lepinitsanın olmamasıdır. Bu gün futbolçularım savaşdılar, döyüşdülər. Onların yanaşmasına görə heç nə deyə bilmərəm.
Biz də avrokubokların qrup mərhələsində oynamaq istəyirik. Amma 3-4 il bundan qabaq çempionatı 8-ci pillədə bitirmişik. Klub hər il inkişaf etməlidir. Biz də realist olmalıyıq, addım-addım inkişaf etməliyik. Bunu edəcəyik. Gələn il, 5 il sonra… Bu hədəflərə çatmaq istəyirik. İndi isə “Sent-Patriks Atletik”lə görüşə köklənməliyik. Addım-addım irəliləməyi düşünürük”.


