“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Kutaisi “Torpedo”suna qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan təmsilçiləri arasında bu gün Sumqayıtda baş tutmuş ilk qarşılaşma “Zirə”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Rəqibin heyətində yaxşı oyunçular var, komanda olaraq da bizdən daha hazırlıqlı idilər. Onlara qarşı durmağa çalışdıq və bu alındı. Daha çox qol da vura bilərdik.
Qarşılaşma heç də asan keçmədi. Bu gün “Torpedo” da qalib gələ bilərdi. Futbol elə oyundur ki, 10-15 dəqiqə ərzində inanılmaz hadisələr baş verir.
Sadıqov cavab matçının önəmini də qeyd edib və komandanın arxayınlaşmamalı olduğunu bildirib:
“Qarşıda vacib cavab oyunu var. Həmin görüşə ciddi hazırlaşmalıyıq. Mərhələni keçmək üçün əlimizdən gələni etməliyik. Bütün rəqiblərə hörmətlə yanaşırıq”.
“Torpedo”nun baş məşqçisi Dirk Şuster isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Sürpriz hazırlamışdıq, amma görünür çox güclü rəqibə qarşı oynayırdıq. Öz oyunumuzu göstərə bilmədik. “Zirə”nin fərdi cəhətdən güclü futbolçuları var. İlk 30 dəqiqədən sonra bütün konsentrasiyanı itirdik, rəqib isə üstün oynadı. Bir qol buraxacağımızı gözləyirdik, amma favorit daha yaxşı oynadığı üçün qalib gəldi. Taktiki baxımdan meydan sahibləri güclü idi. 0:2-dən sonra futbolçularımız ruhdan düşdülər. Nəyisə dəyişməyə çalışdılar, amma alınmadı”.
Cavab oyunu barədə danışan mütəxəssis komandasının bir həftə sonra tamam fərqli sima göstərməyə çalışacağını deyib:
“0:3-dən sonra çətin olacaq, amma heç olmasa oyunu əlavə vaxta daşımağa çalışacağıq. Futbolda daha böyük hesablı məğlubiyyətlərdən dönüşlər olub”.
Azarkeşlərin oyundan sonra aqressiv reaksiyasına münasibət bildirən Şuster bunu müəyyən qədər normal saysa da, tribunadakı davranışı düzgün hesab etmədiyini vurğulayıb:
“Onlar məyusdurlar, bu normaldır. Amma tribunada belə davranmaq olmaz. 0:1 uduzsaydıq, belə reaksiya olmazdı”.


