Rəşad Sadıqov və Kaxaber Sxadadzedən 4:0-a şərh

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, gənc mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün çox vacib oyun idi. Üç gün öncə eyni rəqiblə oynamışdıq. Futbolçularda bir az yorğunluq hiss olunurdu. Rəqib də çox keyfiyyətli komandadır. Müəyyən oyunlarda qol fürsətlərindən istifadə edə bilmirdilər. Bu matçın ağır keçəcəyini bilirdik. İlk hissədə üç qol vurduqdan sonra oyunun daha rahat keçəcəyini düşündük. Amma rəqib təslim olmaq istəmirdi. 4-cü qoldan sonra da xarakter göstərirdilər. İkinci hissədə sürəti qaldırmışdılar. Nəticənin də təsiri var idi. Futbolçularımda qol buraxmamaq düşüncəsi ola bilər. İlk hissəni daha yaxşı keçirdik. Şükürlər olsun ki, vacib qələbə qazandıq”.

Rəşad Sadıqov son vaxtlar komandasının daha inamlı oyun sərgiləməsinə və ardıcıl 3 qələbə qazanmasına da münasibət bildirib:

“Bunun səbəbini deyə bilmərəm. Amma bu amil məni sevindirir. Hər xal, hər qələbə çox önəmlidir. Çox gərgin, həyacanlı yarış gedir. Sadaladığınız məqamların da təsiri var. Amma ümumən eyni iş rejimində çalışırıq”.

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının məğlubiyyətinə belə şərh verib:

“İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. Mübarizə yox idi, təşəbbüsü “Zirə”yə vermişdik. Rəqib yaxşı pressinq edirdi, onlarda böyük istək var idi. İlk dəfə belə hal yaşanır. Heç bir rəqibə qarşı belə oynamamışdıq. İkinci hissədə oyunu dəyişməyə çalışdıq. Meydana daxil olan gənclər mübarizə apardılar. Oyun alınmaya bilər, amma mübarizə aparmaq lazımdır. İstəksiz görünən futbolçularla bağlı tədbir görüləcək. Mən komandaya gələndə komanda sonuncu pillədə idi. Kluba kömək etməyə gəlmişəm. Qarşıda kubok matçımız var. Həmin görüşə hazırlaşacağıq.

Uzunmüddətli planlarımız var. “Qəbələ”nin adı, infrastrukturu var. Belə bir klubu saxlamaq lazımdır. Ümid edirəm ki, hamı bu barədə yaxşı düşünəcək. “Qəbələ” Premyer Liqada qalsa, növbəti mövsüm “üçlük” uğrunda mübarizə aparacaq. Birinci liqaya düşsək, bir ildən sonra geri qayıdacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: