Futbol üzrə Azərbaycan millisinin sabiq müdafiəçisi, ötən mövsümdən məşqçiliyə başlayan Rail Məlikov yenidən “Sumqayıt”a qayıdıb. Arena.az xəbər verir ki, veteran futbolçu bundan sonra sözügedən klubda məşqçi kimi fəaliyyət göstərəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, “Sumqayıt”ın əsas komandasının məşqçilər korpusunda yeni təyinat baş tutub. Belə ki, Rail Məlikov Aleksey Baqanın köməkçisi vəzifəsini icra edəcək.
Məlikov 2016-2020-ci illərdə futbolçu kimi məhz “Sumqayıt”ın uğurları üçün çalışıb. O, bu komandada keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxıb. Rail futbolçu karyerasında “Bakı”, “Neftçi”, “Dənizlispor”, “Qəbələ”, AZAL və “Şamaxı” klublarının da uğurları üçün çalışıb. Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə Birinci Divizionun gümüş medallarına yiyələnib.


