Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev bu mövsümün sonunda “Qarabağ”dan ayrılmağa qərar verib. Arena.az xəbər verir ki, millimizin hücumçusunun yeni iş yeri də artıq məlumdur.
O, Asiya ölkəsinə yollanır. Həm də illik 1 milyon dollar maaşa! “Futbolinfo.az” saytının məlumatına görə, millimizin üzvünün getdiyi ərəb ölkələrinin təmsilçiləri deyil. Şeydayev Tailandın son çempionu “Buriram Yunayted”lə anlaşıb. O, artıq yeni klubu ilə 2 illik müqavilə də bağlayıb. Tərəflər ilkin anlaşmaya imza atıblar.
Futbolçuların son klubu ilə müqaviləsinin müddətinin bitməsinə 6 ay qalmış başqası ilə danışmaq və ilkin müqavilə bağlamaq hüququ var. Şeydayev də bu fürsətdən istifadə edib. Ramil mövsüm yekunlaşan kimi anlaşmasını rəsmiləşdirəcək.
Son mövsümüm “Banqkok Yunayted”in 10 xal önündə bitirən bu klub 1970-ci ildə yaradılıb. Masatada İşiinin baş məşqçi olduğu komanda oyunlarını 32 600 tamaşaçı tutumu olan “New I-Mobile Stadyum”da keçirir. Əsasən yerli futbolçulardan qurulan komandanın heyətində Venesuela, Portuqaliya, Yaponiya və Braziliyadan (2) legionerlər var.
Yeri gəlmişkən, Ramil Şeydayev ilə vidalaşacağı dəqiqləşən “Qarabağ” Filip Ozobiçlə bitən müqaviləni də yeniləməyəcək. Milliləşdirilən xorvat baş məşqçi Qurban Qurbanovun planlarına daxil deyil və ona özünə yeni iş yeri axtarması tövsiyə olunub.
Əvəzində 3 futbolçu ilə anlaşmalar yenilənəcək. Müqavlə müddəti başa çatan Bədavi Hüseynov və Maksim Medvedevlə 2, Riçard Almeyda ilə 1 illik yeni müqavilə bağlanacaq.
Lakin “Qarabağ”ın yay planları bundan ibarət deyil. Ağdam klubu qarşıdakı aylarda ciddi transferlərlə güclənəcək. Rəhbərlik baş məşqçi Qurban Qurbanovun istəyi ilə bir neçə legionerlə danışıqlara başlayıb. Komanda 3-4 yüksək səviyyəli futbolçu transfer etmək niyyətindədir. Onların avrokubok mövsümünün startına kimi düşərgəyə gətirilməsi planlaşdırılır.