Ramin Nəsirli Latviyada həm qol, həm də assist müəllifi oldu

Azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadə Latviyanın “Dauqavpils” komandasında növbəti matça çıxıblar. Arena.az xəbər verir ki, onlar bu gün Latviya çempionatının 3-cü turu çərçivəsində baş tutan “Super Nova” ilə matçın iştirakçısı olublar.

“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası mövsümün üçüncü oyununda nəhayət ki, məğlubiyyət seriyasına son qoyub və ilk qələbəsini qazanıb – 3:0. Komanda bundan əvvəlki hər iki matçında xalsız qalmışdı.

Ramin meydana start heyətdə çıxıb və 89-cu dəqiqədə əvəzlənib. O, komandasının qələbəsində 1 qol və 1 assistlə pay sahibi olub. Belə ki, 27-ci dəqiqədə vurulan ilk qol zamanı məhsuldar ötürmə ilə yadda qalan azərbaycanlı yarımmüdafiəçi, 77-də də özü fərqlənib. Bu, onun Latviyada 2-ci qoludur. Nazim isə bu matçın 89-cu dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. Nazim Həsənzadə isə “Turan Tovuz”a məxsusdur. O, Latviya klubunda mayın 31-nə kimi icarədə olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: