Azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadə Latviyanın “Dauqavpils” komandasında növbəti matça çıxıblar. Arena.az xəbər verir ki, onlar bu gün Latviya çempionatının 2-ci turu çərçivəsində baş tutan “Yelqava” ilə matçın iştirakçısı olublar.
“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası mövsümün ikinci oyununda da məğlubiyyətlə üzləşib – 1:2.
Hər iki futbolçumuz meydana start heyətdə çıxıb. Onlar eyni vaxtda da (63-cü dəqiqə) əvəzləniblər. Komandasının yeganə qolunu da Ramin vurub. O, 6-cı dəqiqədə hesabı açıb. Amma 21-ci dəqiqədə penaltidən qol buraxan futbolçularımızın komandası, 59-cu dəqiqədə daha bir məyusluq yaşayıb.
Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. Nazim Həsənzadə isə “Turan Tovuz”a məxsusdur. O, Latviya klubunda mayın 31-nə kimi icarədə olacaq.


