Ramin Nəsirli “Liepaya”ya qarşı 90 dəqiqə oynadı

Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 8-ci turu çərçivəsində baş tutan “Liepaya” ilə matçın iştirakçısı olub.

“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:1.

Ramin matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Əvvəlki turlarda 2 qol və 1 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.

Bu komandada forma geyinən digər azərbaycanlı futbolçu – Nazim Həsənzadə isə “Liepaya” ilə matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Dauqavpils” 8 turdan sonra cəmi 5 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. Nazim Həsənzadə isə “Turan Tovuz”a məxsusdur. O, Latviya klubunda mayın 31-nə kimi icarədə olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: