Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 25-ci turu çərçivəsində baş tutan RFS ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası çempionluq uğrunda mübarizə aparan güclü rəqiblə qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:1.
Ramin bu matçın start heyətində meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 2 qol və 2 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə də fərqlənə bilməyib.
“Dauqavpils” 25 turdan sonra 25 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. RFS isə 61 xalla ikincidir.
Xatırladaq ki, RFS Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Sabah”ın rəqibi idi. Təmsilçimiz bu rəqibini səfərdə 2:0, evdə 2:1 hesabıyla məğlub etmişdi.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək.


