Ramin Nəsirli üçün 59 dəqiqə və 3 xal

Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 12-ci turu çərçivəsində baş tutan “Super Nova” ilə matçın iştirakçısı olub.

“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan qələbə ilə ayrılıb – 4:0.

Ramin bu matça start heyətdə başlayıb və 59-cu dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 2 qol və 1 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.

Bu komandada forma geyinən digər azərbaycanlı futbolçu – Nazim Həsənzadə isə “Super Nova” ilə matçın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

“Dauqavpils” 12 turdan sonra 9 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. Nazim Həsənzadə isə “Turan Tovuz”a məxsusdur. O, Latviya klubunda mayın 31-nə kimi icarədə olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: