Premyer Liqanın bürünc mükafatçısı “Araz-Naxçıvan” daha iki futbolçusu – Nuno Rodriqes və Ramon Maçado ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Naxçıban klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub müqaviləsinin müddəti başa çatmış futbolçularla yeni anlaşma imzalayıb. Həm Nuno, həm də Ramon daha bir il “qırmızı-ağlar”ın formasını geyinəcəklər. Yeni müqavilələrin müddəti 2025/2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulub.
Nuno Rodriqes 2023-cü ilin iyul ayından “Araz-Naxçıvan”da çıxış edir. Portuqaliyadan olan 30 yaşlı sağ vinger Premyer Liqa təmsilçisinin heyətində 78 oyuna çıxıb, 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Nuno Rodriqes karyerası ərzində “Oliveira do Hospital”, “Pedras Salqadas”, “Qafanya”, “Lusitano Vildemoinyos”, “Mafra”, “Aroka”, “Vilafrankense”, “Sportinq da Kovilya” klublarının da formasını geyinib.
Ramon Maçado isə 2024-cü ilin yayında qoşulduğu “Araz-Naxçıvan”da 32 oyun keçirib. Braziliyadan olan 34 yaşlı mərkəz hücumçusu bu oyunlarda 5 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
Maçado daha öncə “Neftçi” və “Qəbələ”nin heyətində yer alıb. Braziliyalı forvard 2021/2022 mövsümündə “Neftçi”də 28 oyuna çıxıb, 7 qol və 5 assistlə yadda qalıb. 2022/2023 mövsümündə isə o, “Qəbələ”nn formasını geyinib – 37 oyun, 10 qol və 4 assist.
Ümumilikdə isə Ramon Maçado “Brasil Pelotas”, “Santo Andre”, “Parana”, “İtuana”, “Vila Nova”, “Lajeadense”, “Santa Kruz”, “Esportivo”, “Boa Esporte”, “Ponte Preta”, “Sabah” (Malayziya) kimi klublarda da çıxış edib.
“Araz-Naxçıvan” daha öncə Kristian Avram, İssuf Paro, Tərlan Əhmədli, Ömər Buludov, Ürfan Abbasov, Ülvü İsgəndərov, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Qara Qarayev və Vanderson Melo ilə də yeni müqavilə imzalandığını açıqlamışdı. Vadim Abdullayev isə komandanı tərk edib.


