“Hapoel”in (Beer-Şeva) baş məşqçisi Ran Kojux Çempionlar Liqasının pley-offunda “Sabah”a qarşı keçirəcəkləri ilk oyundan danışıb.
Arena.az xəbər verir ki, İsrail və Azərbaycan çempionları arasındakı ilk qarşılaşma bu gün Rumıniyada baş tutacaq.
Ran Kojux bu matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Həyəcanverici andır. İndiyə qədər məşqçi kimi ən böyük oyunlarımdan biridir. Diqqətimizi cəmləməli, yaxşı oyun göstərməli və cavab matçına sərfəli nəticə ilə getməliyik. Qarşımızda yaxşı bir rəqib var. “Sabah” istənilən oyun üçün hazırlıqlıdır. Çox yüksək keyfiyyətli, sürətli, ötürmələrlə və standart vəziyyətlərdə rəqibi necə cəzalandırmağı bilən bir komandadır. Əlbəttə, çox yaxşı hazırlığı olan bir rəqiblə qarşılaşacağıq”.
Buna baxmayaraq, Ran Kojux komandasına güvəndiyini bildirib:
“Oyunçularımız çox vaxt layiq olduqları hörməti qazanmırlar və ümid edirəm ki, növbəti iki oyunda nə qədər yaxşı komanda və nə qədər hörmətə layiq olduqlarını sübut edəcəklər”.
“Hapoel”in kapitanı Migel Vitor da ilk oyun barədə danışıb. Futbolçu qarşılaşmanı səbirsizliklə gözlədiyini bildirib:
“Yenidən pley-offda oynamaq çox həyəcanvericidir. Bu mərhələdə iki dəfə oynamışam və heç birində keçə bilməmişik. Ümid edirəm ki, bu dəfə həlledici addımı atacağıq, qol imkanlarımızdan istifadə edəcəyik və rəqibə çox şans verməyəcəyik. Biz xırda detallara diqqət yetirən komandayıq və məhz onların sayəsində uğur qazana bilərik. Belə oyunlar üçün futbol oynayırıq. “Sabah”la matçları səbirsizliklə gözləyirəm”.
Migel Vitor “Sabah”la qarşılaşmaların əvvəlki mərhələdəki “Srvena Zvezda” oyunlarından fərqli olacağını vurğulayıb:
“Sabah”la oyunlar “Srvena Zvezda” ilə matçlardan tamamilə fərqli olacaq. “Srvena Zvezda” bizə qarşı favorit sayılırdı və təzyiq onların üzərində idi. Bilirsiniz, təzyiq altında olan komanda üçün oynamaq rahat deyil. Bu dəfə isə komandaların şansları 50-nin 50-yədir”.


