Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə qazanmış “Şəfa” klubu heyətini sağ cinah müdafiəçisi Rauf Hüseynli ilə gücləndirib.
Arena.az bu barədə elitanın yeni təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, “Şəfa” 2026/2027-ci illər mövsümünün yay transfer pəncərəsində ilk transferini reallaşdırıb. Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Rauf Hüseynli son olaraq “Kəpəz”in formasını geyinib. O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Raufun “Kəpəz” karyerası bütövlükdə 58 oyun, 8 qol və 4 məhsuldar ötürmədən ibarətdir.
“Qarabağ”ın yetirməsi olan futbolçu karyerası ərzində “Zirə”, “Şamaxı” və “Qəbələ” klublarında da çıxış edib. O, Azərbaycanın U-19 və U-21 yığmalarında da oynayıb.


