“Kəpəz”in keçmiş sağ cinah müdafiəçisi Rauf Hüseynli 2025/2026-cı illər mövsümündə də Gəncə klubunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, klub bu gün daha bir futbolçunun keçidini həll edib. “Sarı-göylər” Rauf Hüseynlini heyətə qatıblar. 25 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Rauf ötən mövsümü də “Kəpəz”də keçirib. O, Gəncə klubuna ötən ilin yayında “Qəbələ”dən keçmiş və 1+1 illik müqaviləyə imza atmışdı. Lakin bu ilin yayında müdafiəçi ilə yolların ayrıldığı açıqlanmışdı. Futbolçu Gəncə təmsilçisinin heyətində bütövlükdə 30 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Qarabağ”ın yetirməsi olan Rauf Hüseynli “Zirə”, “Qəbələ” və “Şamaxı”da da forma geyinib.


