Premyer Liqada geridə qalan mövsümü üçüncü pillədə başa vurmuş “Neftçi”də baş məşqçisi Laurentsiu Regekampf ilə yollar ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Neftçi” PFK-nın Müşahidə Şurasının qərarı ilə əsas komandanın baş məşqçisi Laurentsiu Regekampfla, həmçini köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Göstərdikləri xidmətə görə baş məşqçi və köməkçilərinə təşəkkür edilib, gələcək işlərində uğurlar arzulanıb.
Yeni baş məşqçi haqqında ictimaiyyətə məlumat veriləcəyi bildirilib.
Xatırladaq ki, 2022-ci ilin iyun ayından “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf 2022/23 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub.
“Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.
Sonda onu da bildirək ki, “Neftçi”nin yeni baş məşqçisi türkiyəli mütəxəssis Sərgən Yalçın olacaq. Ötən gün Bakıya gəlmiş məşqçi ilə artıq bütün məsələlərdə razılıq əldə olunub. Onun təyinatının tezliklə rəsmən açıqlanması gözlənilir.
Sərgən Yalçın məşqçilik karyerasına “Beşiktaş”ın gənclərdən ibarət komandasında başlayıb. Daha sonra “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor” və “Yeni Malatyaspor” kimi komandalra rəhbərlik edib. 2020/2021 mövsümündə isə o, “Beşiktaş”ın əsas komandası ilə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu qazanıb. Lakin bu uğurlardan sonra o, 2021-ci ilin dekabrında istefa verib. Türkiyəli mütəxəssis həmin dövrdən bəri işsiz idi.


