“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın 10-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 1:1 hesabı ilə başa çatmış görüşdən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyuna yaxşı başladıq, qol vurduq. Hər şey bizim nəzarətimiz altındaydı. İkinci hissədə də oyuna nəzarət edən tərəf biz idik. Qol fürsətimiz də oldu. İki-üç qol fürsətimiz var idi, amma daha yaxşı zərbələr endirsəydik, yarı fürsətlərdən də istifadə edə bilərdik. Təəssüf ki, qoldan 2 dəqiqə öncə 3-4 ardıcıl səhv etdik və qol buraxdıq. Futboldur, fürsətləri istifadə etmirsinizsə, qapınızda qol görürsünüz”.
Renduliç rəqibdən daha üstün oyun sərgilədiklərini bəyan edib: “Topla və ya topsuz oyuna nəzarət edə bilərsən. Səmimi desək, bu gün “Zirə” heç bir qol fürsəti yaratmadı. Amma bizim bir 100 faizli, 2-3 yarı qol fürsətlərimiz oldu ki, onlardan yararlanmalıydıq”.
“Belə bir oyunda bir xal da qazanc oldu”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə bunları dilə gətirib:
“Hər iki komanda üçün ağır oyun oldu. Gözlənilən də bu idi. Hər iki komanda qələbə qazanmağa çalışırdı. Oyunun əvvəlində bəzi oyunçuların passivliyi gözlənilməz oldu. Rəqibə üstünlük verdik, rəqib qol vurdu. Ancaq sonrakı 65-70 dəqiqə bizim nəzarətimizdə keçdi. Amma bunu qola çevirə, 100 faizli qol imkanları yarada bilmirdik. “Sabah” çox yaxşı, usta komandadır. Bunu hiss edirdik. İkinci hissədə daha böyük qüvvə ilə irəli atılırdıq. Yalnız sonlarda qol vurduq. Belə gedən oyunda bir xal da qazanc oldu. “Sabah” kimi komandanı 3 xal önümüzə buraxmadıq. Psixoloji cəhətdən də uduzmamaq önəmli idi. Heç-heçə ədalətli nəticə oldu.
Zədədlilərin sıraya dönməsi, oyuna bütün heyətlə hazırlaşmağımız yaxşıdır. Ehtiyat qüvvəmiz daha yaxşı idi, rəqibdə itkilər var idi. İkinci hissədə hücumameyilli oyunçuları meydana saldıq. O hücumu qurmaq çətin idi, amma futbolçular ustalıqla davrandılar. Bu gün rəqibdən daha geniş heyətimiz var idi. Bu, həlledici oyun idi”.


