Frankfurt “Ayntraxt”ında icarədə olan müdafiəçi Robin Kox İngiltərənin “Lids” klubundan birdəfəlik ayrılmağa qərar verib.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Belə ki, “Ayntraxt” müdafiəçisi ilə yeni müqavilə bağlayıb. 3 illik yeni müqavilənin 2024-cü ilin yayından etibarən qüvvəyə minəcəyi diqqətə çatdırılıb. Həmin vaxta kimi isə Kox, Bundesliqa təmsilçisində icarə əsasında oynamağa davam edəcək.
Xatırladaq ki, Robin Kox “Ayntraxt”a 2023-cü ilin iyul ayında icarə əsasında qoşulub. Alman mərkəz müdafiəçisi bu komandada 23 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Kox “Lids”ə 2020-ci ilin avqust ayında 13 milyon avro qarşılığında keçmişdi. 27 yaşlı futbolçu İngiltərə təmsilçisində 77 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, daha öncə “Frayburq”, “Kayzerslautern”, “Ayntraxt” (Trir) klublarının da uğurları üçün çalışıb.
“Ayntraxt”ın futbolçusu Almaniya milli komandasında da 8 oyun keçirib.
Yeri gəlmişkən, “Ayntraxt” gənc yarımmüdafiəçisi Marsel Veniqi “Nürnberq”ə icarəyə verib. 19 yaşlı alman futbolçunun bu mövsümün sonuna kimi icarədə çıxış edəcəyi diqqətə çatdırılıb.
Marsel Veniq “Bayern” (Münhen) klubunun yetirməsidir. O, 2022-ci ildə “Ayntraxt”a keçib. Yarımmüdafiəçi Frankfurt klubunun əsas komandasında cəmi 2 oyun keçirib və hansısa məhsuldarlıq göstərməyib.
Almaniyanın U-18 yığmasında da oynamış Veniq hazırda ölkəsinin U-19 millisinə dəvət alır.
Xatırladaq ki, “Ayntraxt” bu mövsüm Almaniya Budnesliqasında 16 oyuna topladığı 24 xalla 6-cı pillədə qərarlaşıb.



