Roderik Miller “Turan Tovuz”la yeni müqaviləyə imza atdı

Futbol üzrə Panama milli komandasının mərkəz müdafiəçisi Roderik Miller “Turan Tovuz” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Onun əvvəlki sözləşməsinin müddəti 2026-cı ilin yayına kimi idi.

Xatırladaq ki, Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. O, indiyə qədər Tovuz təmsilçisinin heyətində 58 oyuna çıxıb, 10 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.

Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. Müdafiəçi Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında legioner həyatı yaşayıb.

Roderik Panama millisində 45 oyun keçirib, 2 qola imza atıb, 1 assist müəllifi olub. O, Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: