“Turan Tovuz”un müdafiəçisi Roderik Miller futbol üzrə Panama milli komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Panama millisi KONKAKAF Millətlər Liqasında 2023/2024 mövsümünün 3-cü yer uğrunda oyununda Yamayka yığması ilə qarşılaşıb.
Görüş panamalıların məğlubiyyəti ilə yekunlaşıb – 0:1.
“Turan Tovuz”un müdafiəçisi meydana start heyətində çıxıb. O, 68-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Miller Panama millisində 2011-ci ilin oktyabr ayında debüt edib. O, yığmanın heyətində bütövlükdə 39 oyun keçirib və 2 qola imza atıb. Roderikin hesabında 1 məhsuldar ötürmə də var. Miller Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.
Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. O, indiyə qədər Tovuz təmsilçisində 32 oyuna çıxıb, 6 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub. Millerin “Turan Tovuz”la müddəti daha bir il artırılmaq şərti ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.
Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. O, Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında da legioner həyatı yaşayıb.


