Ötən gün “Zirə”dən azad agent kimi ayrılmış yarımmüdafiəçi Rövlan Muradov bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
“Araz-Naxçıvan” bu gün növbəti futbolçu transferini reallaşdırıb. Xəbərdə vurğulanır ki, Rövlan yeni mövsümdə bu komandanın formasını geyinəcək. Yarımmüdafiəçi ilə klub arasında anlaşmanın müddəti 1 ildir.
“Qəbələ”nin yetirməsi olan Rövlan Muradov müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyinib.
28 yaşlı futbolçu 2025-ci ilin yayında “Sumqayıt”dan “Zirə”yə transfer olunmuşdu. Yarımmüdafiəçi ötən mövsüm qəsəbə təmsilçisinin heyətində cəmi 15 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Araz-Naxçıvan” daha öncə Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə də müqavilə imzalamışdı.


