“Qəbələ” ilə müqaviləsinin müddəti bitdiyi üçün komandadan ayrılan yarımmüdafiəçi Rövlan Muradov əyalət klubu ilə vidalaşıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu sosial şəbəkə hesabında doğma klubu barədə bu sözləri qeyd edib:
“Əziz dostlar, bu gün 10 ildir evim kimi hiss etdiyim “Qəbələ” klubundan ayrılıram. 10 il ərzində futbol biliklərimi artırdıqca, həm də gözəl kollektivlə birgə özümü hər zaman “Qəbələ” ailəsinin bir üzvü kimi hiss etdim. Bu müddət ərzində bir çox uğurlara birgə imza atdıq. Futbol karyeramın gözəl və mənalı günlərini burada keçirdim. U-15 komandasından başlayaraq bütün məşqçilər heyətinə təşəkkür edirəm. Peşəkar futbolçu kimi yetişməyimdə “Qəbələ” klubunun danılmaz əməyi var. Lakin artıq böyümüşəm və evdən getmək vaxtıdır. Karyeramı növbəti pilləyə daşımaq, daha da inkşaf etmək və yeni uğurlarımla sizi sevindirmək üçün sevimli komandamı tərk edirəm.
Bu yolda mənə dəstək olan rəhbərliyə, xüsusilə Fariz Nəcəfova, Nail Kərimova, mənə hər zaman güvənən baş məşqçimiz Elmar Baxşıyevə, əziyyətimi çəkən idarə heyətinin digər üzvlərinə, komanda yoldaşlarıma, azarkeşlərimizə dərin minnətdarlığımı bildirirəm. Hər biriniz yoluma işıq oldunuz! Yaxşı ki, yolum “Qəbələ”dən keçdi. Görüşənədək!”
Xatırladaq ki, “Qəbələ” futbol akademiyasının yetirməsi olan Rövlan Muradov 2017-ci ildən əsas komandada çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 117 oyunda 12 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçinin karyerasını hansı komandada davam etdirəcəyi hələ dəqiqləşməyib.


