“Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Rövşən Nəcəf baş icraçı direktor Fərrux Mahmudovla birgə mətbuat konfransı keçirib.
Arena.az xəbər verir ki, bu gün baş tutan tədbirdə komandanın yeni baş məşqçisi Adrian Mutu da iştirak edib.
Rövşən Nəcəf Azərbaycan futbolunun flaqmanı hesab olunan, zəngin ənənələrə malik “Neftçi” klubunun qarşısına qoyulan hədəflərdən danışıb. O, azarkeşlərin gözləntilərini doğrultmağın vacibliyini qeyd edib. SOCAR-ın prezidenti fanatların davamlı dəstəklərinin klub üçün önəmini vurğulayıb. Müşahidə Şurasının sədri klubda islahatların uğurla davam etdirildiyini və “Neftçi” üçün yeni dövrün başlandığını diqqətə çatdırıb.
Son vaxtlar klubun futbol meydanlarında uğursuz nəticələr əldə etdiyini təəssüflə bildirən R.Nəcəf “Neftçi”nin Müşahidə Şurasının vəziyyəti ciddi təhlil edərək, qısa, orta və uzun müddətli tədbirlər paketindən ibarət islahatlar konsepsiyası hazırladığını deyib. Rövşən Nəcəf əsas məqsədin “Neftçi”ni müasir Avropa futbol klubunun strukturuna malik komandaya çevirmək olduğunu vurğulayıb.
Artıq “Neftçi”nin yeni strukturunun formalaşdırıldığını söyləyən Müşahidə Şurasının sədri, həmçinin uşaq futbolunun inkişafına xüsusi önəm veriləcəyini diqqətə çatdırıb. O, yüksək standartlara cavab verən futbol akademiyasının yaradılması, eyni zamanda, peşəkar, səmərəli skaut sisteminin formalaşdırılması istiqamətində də zəruri işlərin görüləcəyini bildirib.
Avropa futbolunda böyük təcrübəyə malik Adrian Mutunun baş məşqçi təyin edilməsinin klubun hədəflərinə uyğun olduğunu söyləyən R.Nəcəf onunla birgə klubun qarşıya qoyulan məqsədlərə çatacağına inandığını qeyd edib.
Fərrux Mahmudov “Neftçi” PFK-nın baş icraçı direktoru təyin olunmasından qürur hissi keçirdiyini bildirib. O, klubun gələcək uğurlu fəaliyyəti istiqamətində səylə çalışacağını deyib. Mahmudov mütəmadi olaraq KİV nümayəndələri və azarkeşlərlə müxtəlif formatlarda görüşlər təşkil olunacağını bildirib.
Baş məşqçi Adrian Mutu da çıxış edib. O, “Neftçi” kimi böyük ənənələrə malik klubda işləməkdən şərəf hissi duyduğunu və işinə böyük məsuliyyətlə yanaşdığını söyləyib. Klubun hazırkı vəziyyəti barədə məlumat verən A.Mutu azarkeşlərin etimadını doğrultmaq üçün əzmlə çalışacaqlarını deyib.


