Rüfət Abdullazadə İsrail klubunda!

Futbol üzrə Azərbaycan milli komandasının sağ cinah yarımmüdafiəçisi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonrakı karyerasını İsraildə davam etdirəcək.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda Rüfətin karyerasını İsrailin “Hapoel” (İroni Kiryat Şmona) komandasında davam etdirəcəyi qeyd edilib:

“Azərbaycanlı futbolçu Rüfət Abdullazadəni “Hapoel”ə (İroni Kiryat Şmona) transfer olunmazdan əvvəl İsrail vizasını verdikdən sonra onu Bakıdakı İsrail səfirliyində qarşılamaqdan məmnun olduq. Səfir Ronen Krausz şəxsən ona İsrail futbolunda bu həyəcanverici yeni fəslin başlanğıcında böyük uğurlar arzuladı. İsrail və Azərbaycan arasındakı xüsusi bağın idmanda da əks olunduğunu, meydanda və meydandan kənarda insanlar arasında körpülər qurduğunu görməkdən məmnunuq. Uğurlar, Rüfət!”

Xatırladaq ki, Rüfət Abdullazadə “Varajdin”ə 2025-ci ilin yayında “Səbail”dən keçmişdi. O, “Varajdin”lə 3 illik müqavilə imzalamışdı. Abdullazadə “Varajdin”də cəmi 10 rəsmi oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsümün ikinci yarısında isə o, “Zirə”də icarədə olmuş və məhsuldar fəaliyyəti ilə diqət çəkmədiyi 9 oyun keçirmişdi. Rüfətin “Varajdin”dən İsrail klubuna keçidinin detalları açıqlanmır. Böyük ehtimalla azərbaycanlı futoblçu Xorvatiya klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdirib. Onun yeni klubu ilə neçə illik müqavilə razılaşdırdığı da hələ məlum deyil.

Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: