“Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadə Premyer Liqanın 9-cu turunda “Qəbələ” ilə səfər oyununda komandasının qələbə qolunu vurdu.
Arena.az xəbər verir ki, 1:0 hesabıyla qalib gəldikləri görüşün 90+5-ci dəqiqəsində fərqlənən 22 yaşlı futbolçu bununla həm də yeni klubunda qol hesabını açdı.
Qarşılaşmadan sonra Sumqayıtdan olan Rüfət Abdullazadə Arena.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırdı:
- Bu gün komandama qələbə qazandırdın. Vurduğun qolu necə şərh edərdin?
- Komandamın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Amma kimin fərqlənməsi önəmli deyil. Əsas odur ki, komandamız qələbə qazansın. İmkan düşdü və mən də qapıya zərbə endirdim. Şadam ki, zərbəm dəqiq alındı və komandam vacib 3 xal əldə etdi.
- Necə düşünürsən, bu qoldan sonra növbəti oyunlarda səni əsas heyətdə görə biləcəyik?
- Mən həmişə öz üzərimdə işləyirəm. Məşqçi nə vaxt şans versə, dəyərləndirməyə çalışıram. Əlimdən gələni edirəm ki, komandama faydalı oldum. Lakin yekun qərarı Şahin müəllim verir.
- Oyundan sonra Şahin Diniyev mətbuat konfransında bildirdi ki, səndən bir “partlayış” gözləyir…
- Bunu mənə təkbətək söhbətimiz zamanı da deyib. Mən də əlimdən gələni edirəm. Məşqlərdə də dayanmadan çalışıram ki, baş məşqçimiz şans verəndə ümidləri doğruldum.
- Yayda “Sumqayıt”dan gedişin müzakirələrə səbəb oldu…
- “Sumqayıt” haqda danışmaq istəmirəm. Nə olubsa olub, hazırda “Səbail”dəyəm və burada özümü xoşbəxt hiss edirəm.
- Belə görünür ki, keçmiş klubundan inciksən…
- “Sumqayıt” öz şəhərimin komandasıdır. Mən şəhərimi çox sevirəm. Heç kimdən incik deyiləm. Başqa da nəsə demək istəmirəm.
- “Səbail” bu uğurlu çıxışını növbəti dövrələrdə də davam etdirə biləcək?
- “Səbail”in uğurunun davamlı olacağına inanıram. Çünki təsadüfi uğur qazanmırıq. Komandamız ilk 3 turda bir qədər zəif təsir bağışlasa da, sonradan özümüzə gəldik. Ardıcıl 4 qələbədən sonra komanda tam özünə gəldi.
- İlk dövrəni 17 xalla tamamladınız. Bu nəticə komandada arxayınlıq yaratmayacaq?
- Baş məşqçimiz bununla bağlı tez-tez bizimlə söhbət aparır. Deyir ki, eyforiyaya qapılmaq olmaz. İçimizdə də belə bir hiss yoxdur.


