AÇ-2024-ün seçmə mərhələsinin I qrupu çərçivəsində keçirilən Rumıniya – Kosovo oyununda siyasi şüarlara görə 50 dəqiqəlik fasilə yaşanıb.
Arena.az xəbər verir ki, bu gün Rumıniyanın paytaxtı Buxarestdəki Milli Stadionda keçirilən oyun azarkeşlərin siyasi aksiyasına görə yarımçıq qalıb.
Belə ki, “Kosovo – Serbiyadır”, “Bessarabiya – Rumıniyadır” şüarları və pankartlarına görə oyun dayandırılıb. Ev sahiblərinin ultrasları həmçinin meydana fayerlər alovlandırıb atıblar. Bu üzdən qarşılaşmanın Fransadan olan baş hakimi Villi Delajo oyunu 18-ci dəqiqədə – hesab 0:0 olarkən yarımçıq saxlayıb. Komandalar paltardəyişmə otaqlarına yollanıblar.
“Unite Sub Tricolor” (“Üçrəngli altında birləşmişlər”) qrupundan olan ev sahiblərinin azarkeşləri tribunalarda Serbiya bayrağı və “Kosovo – Serbiyadır” yazısı olan pankartlar açıblar. Onlar həmçinin müvafiq sözlərlə şüarlar səsləndiriblər.
Bundan əlavə, Rumıniya ultrasları fayerlər yandırıb atəşfəşanlıq ediblər. “Gazeta Sporturilor” xəbər verir ki, onlar stadionun Rumıniya cinahının fonunda “Bessarabiya – Rumıniyadır” yazısı olan pankart da açıblar.
Rumıniya Futbol Federasiyasının prezidenti Rezvan Burlyanu hakimlər və oyunun nümayəndəsi ilə danışıb. Ultras isə polislə əlavə söhbət aparıb.
Fasilədən 50 dəqiqə sonra oyun davam etdirilib.
Qeyd edək ki, Rumıniya 2008-ci ilin fevralında Serbiyadan müstəqilliyini elan etmiş Kosovo dövlətini tanımır.
Bessarabiya Şərqi Avropada 1918-1940-cı illərdə Rumıniyanın tərkibində olan tarixi bir bölgədir. İndi bu bölgələr Moldova və Ukraynanın əraziləridir.
Hazırda ilk hissəsi başa çatmış Rumıniya – Kosovo matçında hələ hesab açılmayıb. Amma qonaqların hücumçusu Vedat Muriqi 18 və 42-ci dəqiqələrdə aldığı sarı vərəqələrə görə meydandan qovulub.


