Rüstəm Əhmədzadə də “Qarabağ”a lazım olmadı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” daha bir oyunçusu – 24 yaşlı hücumçu Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Ağdam klubu Rüstəmə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Ukraynanın “Minay” klubunun yetirməsi olan Rüstəm “Qarabağ”a 2022-ci ilin yanvarında 200 min avro müqabilində keçmişdi. Hücumçunun Ağdam klubu ilə sözləşməsinin müddəti 2026-cı ilin 30 iyununa qədər idi.

Rüstəm Ağdam təmsilçisinin heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. O, “Qarabağ”da cəmi 8 oyuna çıxıb, fərqlənə bilməyib.

Rüstəm Əhmədzadə 2022-ci ilin iyul ayından bu yaya qədər icarə əsasında “Zirə”də çıxış edirdi. 24 yaşlı forvard qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 96 oyunda 8 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Əhmədzadə 2021-ci ilin iyun ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 10 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, “Qarabağ” daha öncə Yassin Benzya, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli və Redon Cica ilə də yollarını ayırmışdı. Ağdam klubu gedənlərin əvəzində Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku və Semi Mmaeni heyətinə qatıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: