Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə karyerasını “Qarabağ”da davam etdirəcək. Arena.az xəbər verir ki, hazırda Ukraynanın “Minay” klubunun formasını geyinən 21 yaşlı futbolçunun Ağdam təmsilçisinə keçəcəyi bildirilir.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Rüstəmin “Minay”la 3 illik müqaviləsi olsa da, o, artıq komandası ilə vidalaşıb. Ukraynalı jurnalistlərin yazdığına görə, o, ötən gün Premyer Liqanın 18-ci turu çərçivəsində baş tutan “Kolos”la səfər matçında da buna görə iştirak etməyib. Futbolçunun qış transfer pəncərəsi dövründə “Qarabağ”la müqavilə imzalayacağı bildirilib.
Ağdam klubunun həm futbolçunun özü, həm də Ukrayna təmsilçisi ilə bütün məsələlərdə razılığa gəldiyi iddia olunur. Gənc forvard yaxın günlərdə Bakıya gələcək və tibbi müayinədən uğurla keçəcəyi təqdirdə onunla rəsmi müqavilə imzalanacaq. Anlaşmanın müddəti və digər detalları daha sonra açıqlanacaq.
Xatırladaq ki, Rüstəm Əhmədzadə 2020-ci ilin iyulundan “Minay”da çıxış edir. O, daha öncə Ukraynada “Kolos” və və “Podolye” komandalarında forma geyinib.
Rüstəm Əhmədzadə 2021-ci ilin may ayından etibarən Azərbaycan millisinə dəvət almağa başlayıb. O, əsas komandamızın heyətində 5 oyuna çıxıb.
Rüstəm bu mövsüm “Minay”ın heyətində 12 matça çıxıb. O, bu görüşlərdə cəmi 2 qol vura bilib. Futbolçumuzun komandası isə 18 oyuna topladığı 10 xalla 16 kollektiv arasında 15-ci sırada qərarlaşıb. “Minay”da daha bir azərbaycanlı futbolçu – yarımmüdafiəçi Eldar Quliyev də forma geyinir. Hansı ki, o, bu komandanın heyətində cari mövsümdə 16 matçın iştirakçısı olub.


