“Qarabağ”ın yeni transferi Rüstəm Əhmədzadə klubun “Youtube” kanalına müsahibə verib. Arena.az xəbər verir ki, 20 yaşlı hücumçu Ağdam təmsilçisinə keçidi ilə bağlı sualları cavablandırıb.
– Harada doğulmusunuz?
– Ukraynada doğulmuşam. Amma əslim Azərbaycandan – Ucardandır.
– Hansı nömrəni seçdin və niyə?
– 97 nömrəni. Çünki mənim 9 və 7 nömrələri xoşuma gəlir. Hiss edirəm ki, 97 nömrəni götürmək lazım idi ki, qollar vurum. Uğurlu olsun.
– “Qarabağ”da ilk günün. Səni nə təəccübləndirdi?
– Məni peşəkar yanaşma təəccübləndirdi. Yaxşı münasibətlə, xoş qarşıladılar, əla atmosfer var. Hər şey yüksək səviyyədədir. Futbol üçün hər şey var.
– “Qarabağ”a keçidini bir sözlə ifadə et…
– Gələcəyə doğru böyük addım.
– Səncə, izlədiyin ən gözəl qol hansı olub?
– İbrahimoviçin İsveç millisində vurduğu qol. Uzaq məsafədən başı üzərindən akrobatik zərbə ilə fərqlənmişdi. Qapıçı önə çıxmışdı, top uzaq məsafədən boş qapıya getdi.
– Kristiano Ronaldo, yoxsa Lionel Messi?
– Cavab vermək çətindir. Mən Ronaldonu daha çox bəyənirəm. Amma Messinin daha yaxşı olduğunu deyənlərlə mübahisə etməyəcəyəm.
– Azərbaycan, yoxsa Ukrayna mətbəxi?
– Mətbəx? Əlbəttə, Azərbaycan mətbəxi.
– Həyatının ən gözəl günü hansıdır?
– Bilmirəm… Yəqin ki, doğulduğum gün.
– Səni uşaqlıqda necə çağırırdılar?
– Hər zaman adımla çağırıblar – Rüstəm. İndi əsasən hamı “Rus” deyə çağırır. Qısaca “Rus”, vəssalam.
– Futbol olmasaydı, hansı idmanı seçərdin?
– Çətindir. Mən bu haqda düşünmüşəm. Böyük ehtimalla kiber idman. “Counter strike” oyununa marağım az deyil.
Xatırladaq ki, “Qarabağ” Rüstəm Əhmədzadə ilə 2026-cı ilin iyununadək müqavilə bağlayıb.


