Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüstəm Əhmədzadə bundan sonra karyerasını “Qarabağ”da davam etdirəcək. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Ukraynanın “Minay” klubundan transfer edilən 21 yaşlı hücumçu ilə 2026-cı ilin 30 iyununa qədər müqavilə bağlanılıb. O, yeni komandasında 97 nömrəli formada çıxış edəcək.
Rüstəm Əhmədzadə 2020-ci ilin iyulundan “Minay”da çıxış edirdi. O, daha öncə Ukraynada “Kolos” və və “Podolye” komandalarında da forma geyinib.
Rüstəm 2021-ci ilin may ayından etibarən Azərbaycan millisinə dəvət almağa başlayıb. O, əsas komandamızın heyətində 5 oyuna çıxıb.
Əhmədzadə bu mövsüm “Minay”ın heyətində 12 matça çıxıb. O, bu görüşlərdə cəmi 2 qol vura bilib. Futbolçumuzun komandası isə 18 oyuna topladığı 10 xalla 16 kollektiv arasında 15-ci sırada qərarlaşıb.
“Minay”da daha bir azərbaycanlı futbolçu – yarımmüdafiəçi Eldar Quliyev də forma geyinir. Hansı ki, o, bu komandanın heyətində cari mövsümdə 16 matçın iştirakçısı olub.
Sonda onu da bildirək ki, Əhmədzadə bu transferlə “Minay” klubunun tarixinə düşüb. Belə ki, o, Ujqorod təmsilçisindən xarici kluba satılan ilk oyunçu olub. Hücumçu həmçinin “Minay”ın tarixində ilk tamhüquqlu transferdir. Bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb. “Minay” sabiq hücumçusuna xidmətlərinə görə təşəkkür edib, ona yeni komandasında uğurlar arzulayıb. Ukrayna təmsilçisi futbolçumuzun yeni komandasının avrokuboklarda uğurlu çıxışını, xüsusilə bu mövsüm Avropa Konfrans Liqasının pley-offunda Marsel “Olimpik”inə rəqib olmasını da vurğulayıb.





