“Səbail” Ürfan Abbasov ilə yollarını ayırdı

“Səbail” müdafiəçisi Ürfan Abbasov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə futbolçu ilə klub arasındakı müqavilənin müddətinin başa çatdığı diqqətə çatdırılıb. Tərəflər yeni müqavilə imzalamaq istəməyiblər və yollarını ayırıblar.

Ürfan Abbasov 2019-cu ildən “Səbail”in uğurları üçün çalışırdı. O, geridə qalan iki mövsüm ərzində bu komandanın heyətində meydana çıxdığı 53 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Abbasov “Səbail”ə yetirməsi olduğu “Qəbələ”dən transfer edilmişdi. 28 yaşlı futbolçunun yenidən sabiq klubuna qayıtması gözlənilir. O, əyalət təmsilçisinin heyətində 2011-2019-cu illər aralığında 200-dən çox oyun keçirib.

“Səbail” daha öncə Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze, Ali Sisey və Ruslan Hacıyevlə də yollarını ayırmışdı.