Bu gün futbol üzrə Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümündə növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” bu mərhələdə İsrailin “Hapoel” (Beer-Şeva) kollektivi ilə üz-üzə gələcək.
Bu komandalar arasındakı ilk oyun məlum səbəblərdən İsraildə yox, neytral meydanda – Rumıniyanın Buxarest şəhərində təşkil ediləcək. Oyunu İtaliyadan olan tanınmış referi Davide Massa idarə edəcək.
Tarixində ilk dəfə ÇL-də iştirak etməsinə baxmayaraq, uğurlu nəticələri ilə pley-offa qədər irəliləmiş Azərbaycan çempionu indi bu turnirin Liqa mərhələsinə vəsiqə qazanmaq istəyir. Bunun üçün ilk növbədə “Hapoel”lə səfər oyunundan sərfəli nəticə ilə qayıtmaq vacibdir.
Bu komandalar arasındakı cavab qarşılaşması gələn həftə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
19 avqust
23:00. Hapoel (Beer-Şeva) – Sabah
Hakimlər: Davide Massa, Filippo Meli, Alessio Berti, Matteo Markenaro (hamısı İtaliya).
Rumıniya. Buxarest. “Cüleşti Arena”.


