Futbol üzrə Azərbaycan Kubokunun qalibi “Sabah” bu gün Avropa Liqasının 2025/2026 mövsümündə növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Avroliqanın ilk təsnifat mərhələsi çərçivəsində Sloveniyanın “Çelye” komandası ilə qarşılaşacaq.
Sözügedən komandaların cavab görüşü Sloveniyada baş tutacaq. Çelyedəki “Zdezele” stadionuda təşkil olunacaq qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Draqomir Draqanov olacaq. Ona yan xətt hakimləri Hristo Haciyski və Krasimir Atanasov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Jivkov Velikov yerinə yetirəcək. VAR hakimi Vasimir El-Hatib, VAR köməkçisi Volen Çinkov olacaqlar.
Ötən mövsümdə Azərbaycan Premyer Liqasında uğursuz çıxış etsə də, tarixində ilk dəfə ölkə kubokunu qazanmaqla Avroliqaya vəsiqə əldə etmiş “bayquşlar” üçün “Çelye” ilə görüşlər də tarixi əhəmiyyət kəsb edir. Belə ki, təmsilçimiz tarixində ilk dəfə Avropa Liqasında mübarizə hüququ qazanıb. Bu üzdən də “Sabah” qitəmiqyaslı turnirdəki debütünü mərhələ adlamaqla qeyd etmək istəyir. Lakin Bakıdakı ilk oyunda iki dəfə hesabda önə keçməsinə baxmayaraq, yekunda 2:3 hesablı məğlubiyyətə üzülmüş kollektiv işini çətinə salıb. İndi “Çelye”ni səfərdə inamlı qələbə ilə məğlub etmək lazımdır ki, mərhələ adlamaq mümkün olsun.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)
17 iyul
22:00. Çelye – Sabah
Hakimlər: Draqomir Draqanov, Hristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan).
Çelye. “Zdezele” stadionu.


