“Sabah” “Çelye” səddini keçə bilmədi

Futbol üzrə Azərbaycan Kubokunun qalibi “Sabah” bu gün Avropa Liqasının 2025/2026 mövsümündə növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Avroliqanın ilk təsnifat mərhələsi çərçivəsində Sloveniyanın “Çelye” komandası ilə qarşılaşıb.

Sözügedən komandaların cavab görüşü Sloveniyada baş tutub. Çelyedəki “Zdezele” stadionuda təşkil olunmuş qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Draqomir Draqanov olub.

Ötən mövsümdə Azərbaycan Premyer Liqasında uğursuz çıxış etsə də, tarixində ilk dəfə ölkə kubokunu qazanmaqla Avroliqaya vəsiqə əldə etmiş “Sabah” üçün “Çelye” ilə görüşlər də tarixi əhəmiyyət kəsb edirdi. Belə ki, təmsilçimiz tarixində ilk dəfə Avropa Liqasında mübarizə hüququ qazanmışdı. Bu üzdən də “Sabah” qitəmiqyaslı turnirdəki debütünü mərhələ adlamaqla qeyd etmək istəyirdi. Lakin Bakıdakı ilk oyunda iki dəfə hesabda önə keçməsinə baxmayaraq, yekunda 2:3 hesablı məğlubiyyətə üzülmüş kollektiv işini çətinə salmışdı. Belə ki, mərhələ adlamaq üçün “Çelye”ni səfərdə inamlı hesabla məğlub etmək lazım idi.

Azərbaycan Kubokunun qalibi səfərdə də bu rəqibinə ciddi müqavimət göstərməyi bacarıb. Hətta matçın əsas vaxtı 3:2 hesabıyla “bayquşlar”ın xeyronə bitib və hakim qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyub. Əlavə vaxtın ikinci hissəsində meydan sahibləri daha bir qol vurmaqla ümumi hesabda önə keçiblər. Beləcə, “Sabah” Avroliqa ilə vidalaşmalı olub. Amma paytaxt klubu avrokuboklarla tam vidalaşmayıb. Reqlamentə əsasən, Azərbaycan təmsilçisi mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)
17 iyul

Çelye – Sabah 3:3
Qollar: Franko Kovaçeviç, 18-pen. Damyan Vuklişeviç, 49. Nikita İosifov, 108 – Coy Lens Mikels, 9; 63; 64.
Hakimlər: Draqomir Draqanov, Hristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan).
Çelye. “Zdezele” stadionu.

Çelye: 21. Simon Sluqa, 2. Xuanxo Nyeto, 3. Damyan Vuklişeviç, 6. Artemiyus Tutışkinas, 8. Mario Kvesiç, 9. Franko Kovaçeviç, 10. Daniyel Şturm, 11. Milot Avdili, 19. Mark Zabukovnik, 20. Nikita İosifov, 23. Yan Karniçnik (k).
Ehtiyat oyunçular: 1. Jan-Luk Leban, 12. Luka Kolar, 4. Darko Hrka, 5. Qasper Vodeb, 7. Floryan Yevşenak, 14. Anomnaçi Çidi, 16. İviça Vidoviç, 17. Andrey Kotnik, 24. Faris Cevahiriç, 44. Lukas Beyger.
Baş məşqçi: Albert Riera.

Sabah: 92. Stas Pokatilov, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 10. Anatoli Nuriyev, 13. İvan Lepinitsa, 18. Pavol Şafranko (k), 20. Coy-Lens Mikels, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 88. Xəyal Əliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 89. Rauf Əyyubov, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 22. Zinəddin Uld Xaled, 33. Umarali Rahmonaliyev, 53. Andrey Viktor, 70. Jesse Sekidika, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Valdas Dambrauskas.

Xəbəri sosial şəbəkələrdə paylaş: