“Sabah” Namiq Ələsgərovu da heyətinə qatdı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələsgərovu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.

Namiq Ələsgərov karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub.

Namiq Ələsgərov “Sabah”da 17 nömrəli formada çıxış edəcək.

Yarımmüdafiəçi bu kluba keçidi ilə bağlı ilkin təəssüratlarını da bölüşüb. O, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“İstəkli və iddialı kluba gəldiyimi bilirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, “Sabah”ın uğurlarında böyük pay sahibi olum. Əsas hədəfim ilk növbədə klubumla çempionatda qarşımıza qoyulan hədəfə çatmaq və bununla yanaşı, şəxsi göstəricilərimi də inkişaf etdirməkdir”.

Namik həmçinin klubun azarkeşlərinə də müraciət edib. O, bütün tərəfdarları stadiona səsləyib:

“Azarkeşlərə demək istəyirəm ki, oyunlarımıza gəlsinlər və bizi sona qədər dəstəkləsinlər. Biz futbolçular da meydandakı oyunumuzla bunun qarşılığını verməyə çalışacağıq”.

Xatırladaq ki, paytaxt klubu daha öncə “Sumqayıt”dan Tellur Mütəllimov və Anatoli Nuriyevi, “Zirə”dən isə Davit Volkovu transfer etmişdi. Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov və Bəxtiyar Həsənalızadə ilə də yeni müqavilə imzalanıb. Əvəzində Masazır klubu Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes və Səlahət Ağayevlə isə yollarını ayırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: