“Sabah” – “Partizan”: Mətbuat konfransı və açıq məşq olacaq

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah” – “Partizan” oyunundan öncə mətbuat konfransı və açıq məşqlər təşkil olunacaq.

Arena.az xəbər verir ki, artıq bu tədbirlərin vaxtı da müəyyənləşib. Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Sabah”ın oyundan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 9-da saat 17:30-da başlayacaq. Komandanın açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 17:50-də start götürəcək.

Rəqib komandanın matçdan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 9-da saat 19:30-da başlayacaq. Serbiya təmsilçisinin açıq məşqinə (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 20:00-da start veriləcək.

Hər iki mətbuat konfransı və açıq məşq Masazırda yerləşən və oyunun keçiriləcəyi “Bank Respublika Arena”da baş tutacaq.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək “Sabah” – “Partizan” oyununa saat 20:00-da start veriləcək. Azərbaycan və Serbiya təmsilçiləri arasındakı cavab qarşılaşması isə avqustun 17-də Belqradda, “Partizan” stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtilə ilə saat 23:00-da start veriləcək.

“Sabah” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFS komandasını mübarizədən kənarlaşdırıb – səfərdə 2:0, evdə 2:1 qalib gəlməklə! “Partizan” isə mübarizəyə elə birbaşa bu mərhələdən qoşulur.

Sonda onu da xatırladaq ki, “Partizan” – “Sabah” cütünün qalibi Avropa Konfrans Liqasının pley-off mərhələsində “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq. Azərbaycan və Serbiya klublarından güclü olan pley-offda ilk görüşünü səfərdə keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: