“Sabah” pley-offa vəsiqə, “Araz” təsəlli qələbəsi ümidində

Azərbaycanın “Sabah” və “Araz-Naxçıvan” komandaları bu gün Avropa Konfrans Liqasında növbəti oyunlarına çıxacaqlar.

Arena.az xəbər verir ki, təmsilçilərimiz bu turnirin 3-cü raundunda cavab oyunlarını keçirəcəklər.

Paytaxt klubu pley-offa vəsiqə uğrunda Bolqarıstanın “Levski” (Sofiya), Naxçıvan təmsilçisi isə Kiprin “Omoniya” kollektivi ilə mübarizə aparır. “Bayquşlar” bu mərhələdə ilk oyunu səfərdə keçiriblər və 0:1 hesabıyla uduzublar. Naxçıvan təmsilçisi isə “Omoniya” ilə ilk sınağına doğma meydanda çıxıb və 0:4 hesablı darmadağına üzülüb. Hazırda “Araz-Naxçıvan”ın mərhələ adlamaq şansı demək olar ki, yoxdur. Bu üzdən Elmar Baxşıyevin komandası yalnız təsəlli xarakterli heç-heçə və ya qələbə üçün mübarizə apara bilər. “Sabah” isə inamlı qələbə sayəsində dönüş edə və pley-offa vəsiqə qazana bilər.

“Sabah”ın “Levski” ilə keçirəcəyi cavab görüşünü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. “Araz-Naxçıvan”ın “Omoniya” ilə cavab oyununda isə Danimarkadan olan hakimlər söz sahibi olacaqlar.

Xatırladaq ki, paytaxt klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın “Petrokub” komandasını mübarizədən kənarlaşdırmışdı. Naxçıvan təmsilçisi isə Yunanıstanın “Aris” (Saloniki) klubundan güclü olmuşdu.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
14 avqust

“Sabah” – “Levski”
Baş hakim: Mikola Balakin.
Baş hakimin köməkçiləri: Aleksandr Berkut, Viktor Matyaş.
Dördüncü hakim: Vitali Romanov.
VAR: Aleksey Derevinski.
AVAR: Klim Zabroda.
(Hakimlər briqadası Ukraynadandır)
“Masazır Arena”. Saat 20:00.

“Omoniya” – “Araz-Naxçıvan”
Baş hakim: Yakob Kehlet.
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Martin Markus.
Dördüncü hakim: Mikkel Redder.
VAR: Sandi Putros.
AVAR: Morten Kroq.
(Hakimlər briqadası Danimarkadandır)
GSP stadionu. Saat 21:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: