“Sabah” və “Şamaxı”nın ilk oyunu ilə bağlı yerdəyişmə – Rəsmi

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün ilk turunun “Sabah” – “Şamaxı” oyunun yeri dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, ölkəmizi Konfrans Liqasında təmsil edən “Sabah”ın rəsmi müraciəti, “Şamaxı”nın rəsmi razılıq məktubu, PFL-in qərarı ilə paytaxt klubunun növbəti mərhələyə daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınması məqsədi ilə 1-ci turun “Şamaxı” – “Sabah” oyunu ilə, 18-ci turun “Sabah” – “Şamaxı” oyununun yeri dəyişdirilib. Belə ki, paytaxt təmsilçisi avqustun 4-də Şamaxıda meydana çıxmalı idi. Amma yeni qərara əsasən, həmin gün əyalət təmsilçisi Masazıra səfər edəcək. Paytaxt təmsilçisi isə 18-ci turda Şamaxıya üz tutacaq.

Beləliklə, bu komandalar yeni mövsümün ilk turu çərçivəsində avqustun 4-də “Masazır Arena”da üz-üzə gələcəklər. Qarşılaşmaya saat 17:30-da start veriləcək.

PFL-in yaydığı məlumatda o da qeyd olunub ki, bu komandaların əvəzedici heyətləri arasında görüş əvvəlcədən açıqlandığı kimi baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: