“Sabah”da Vensan Till şoku

Premyer Liqanın 22-ci turunun “Qarabağ”la səfər oyununda zədələnmiş Vensan Till bir müddət “Sabah”a kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, lüksemburqlu hücumameyilli yarımmüdafiəçinin zədəsi ciddir.

Məhz bu üzdən Premyer Liqanın 23-cü turunda “Kəpəz”lə oyunu buraxmalı olan 24 yaşlı futbolçunun yaşıl meydanlara dəqiq nə vaxt dönəcəyi hələ bilinmir.

Xatırladaq ki, Vensan Till “Qarabağ”la matçın 7-ci dəqiqəsində topuğuna aldığı zərbə nəticəsində yerdə qalmış və oyunu davam etdirə bilmədiyi üçün əvəzlənmişdi. Onun komandası bu oyundan məhsuldar heç-heçə (3:3) ilə ayrılmışdı. “Kəpəz”lə ev oyununda isə “bayquşlar” 3:2 hesablı qələbəyə sevinmişdilər.

Vensan Tilldən başqa “Sabah”ın digər yarımmüdafiəçi Ayaz Quliyev və ispaniyalı hücumçu Kristian Sebalyos da zədədən əziyyət çəkir. Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun saytımıza verdiyi məlumata görə, bu iki futbolçu hazırda fərdi məşqlərlə kifayətlənir. Əvəzində qapıçı Nicat Mehbalıyevlə niderlandlı yarımmüdafiəçi Jarl Marqaritanın növbəti oyunda sıraya dönməsi ehtimalı var.

Qeyd edək ki, “Sabah” Premyer Liqanın 24-cü turu çərçivəsində səfərdə “Səbail”lə üz-üzə gələcək. Fevralın 24-də “Bayıl Arena”da baş tutacaq bu oyuna saat 17:30-da start veriləcək.