“Sabah” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin RFS ilə səfər matçının Latviyada yox, başqa ölkədə keçirilməsini istəyir.
Arena.az xəbər verir ki, artıq paytaxt klubu bununla əlaqədar UEFA-ya rəsmi müraciət də ünvanlayıb.
Bu barədə Latviya Futbol Federasiyasının prezidenti Vadim Laşenko ölkəsinin mətbuatına açıqlamasında məlumat verib. Onun sözlərinə görə, Avropa futbol qurumu hazırda bu məsələyə baxır:
“Biz UEFA rəhbərliyi ilə daim əlaqədəyik. Əlbəttə, matçın yerinin dəyişdirilməməsinə çalışırıq. Yaranmış vəziyyət heç bir halda Latviya klubunun məsuliyyəti deyil. Şəxsi fikrim odur ki, RFS ev oyununu başqa ölkədə keçirməməlidir. Amma UEFA-nın bunu necə qiymətləndirəcəyini təxmin edə bilmərəm. Hazırda top onlardadır. Latviya qanunlarına görə isə Şengen vizası olmayan Rusiya vətəndaşlarının ölkəmizə girişi qadağandır”.
Qeyd edək ki, “Sabah”ın heyətində baş məşqçi Murad Musayev və 4 köməkçisinin, həmçinin, qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovun Rusiya vətəndaşlığı var. Latviya qanunlarına görə isə Şengen vizası olmayan Rusiya vətəndaşları bu ölkəyə buraxılmır. Bu gün Latviyaya yola düşən komandamızın sözügedən ölkədə necə qarşılanacağı bilinmir. Komandamızın adları qeyd olunan üzvləri Latviyaya buraxılmasa, məsələ ilə bağlı yekun qərarı UEFA verəcək.
Xatırladaq ki, problemin ciddiliyini nəzərə alaraq AFFA-nın baş katibi Sərxan Hacıyev də komandamızla birgə Latviyaya səfərə yollanıb.
“Sabah”la RFS arasındakı ilk oyun sabah Riqada keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Masazırda baş tutacaq.


