SAFA Hüqo Brosun istefası ilə bağlı xəbərləri təkzib etdi

Cənubi Afrika Respublikası Futbol Assosiasiyası (SAFA) millinin baş məşqçisi Hüqo Brosun istefaya getməsi ilə bağlı yayılmış xəbərləri təkzib edib.

Arena.az xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi açıqlamada bildirilir.

Bəyanatda belçikalı mütəxəssisin vəzifəsini davam etdirdiyi bildirilib:

“Cənubi Afrika Respublikası Futbol Assosiasiyası Hüqo Brosun millinin baş məşqçisi postunu tərk etməsi ilə bağlı yayılan məlumatları təkzib edir. Bros Cənubi Afrika millisinin baş məşqçisi olaraq qalır və bunun əksi barədə yayılan xəbərlər tamamilə yalandır”, deyə SAFA-nın açıqlamasında vurğulanır.

Xatırladaq ki, daha əvvəl 74 yaşlı mütəxəssis “iDiski Times” nəşrinə açıqlamasında baş məşqçi kimi fəaliyyətini başa vuracağını bildirmişdi.

Hüqo Bros 2021-ci ildən Cənubi Afrika Respublikası millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2023-cü il Afrika Millətlər Kubokunda bürünc medal qazanıb. DÇ-2026-da isə qrup mərhələsini ikinci pillədə başa vuran Cənubi Afrika Respublikası tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Afrika təmsilçisi 1/16 finalda Kanadaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Təcrübəli çalışdırıcı məşqçilik karyerası ərzində Türkiyənin “Trabzonspor”, Belçikanın “Anderlext”, “Brügge” və “Genk” klublarında, həmçinin Kamerun millisində də işləyib. O, “Brügge” ilə iki dəfə Belçika çempionu və ölkə kubokunun qalibi olub, Kamerun millisini isə 2017-ci ildə Afrika Millətlər Kubokunun qalibi edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: